AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi və strateji baxışı sayəsində Azərbaycanın nəqliyyat proqramlarını uğurla icra etmək qüdrətinin göstəricisidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə paytaxtın nəqliyyat sıxlığının aradan qaldırılması, nəqliyyatın yeni hərəkət xəritəsinin müəyyən edilməsi ilə bağlı mühüm prioritetlər müəyyənləşdirildi. Eyni zamanda, Azərbaycanın regional və qlobal nəqliyyat-tranzit dəhlizlərində aparıcı mövqeyinin daha da möhkəmləndirilməsi, Cənubi Qafqaz, Xəzər və Asiya bölgəsində müasir nəqliyyat qovşaqlarının və infrastrukturlarının əlaqələndirilməsi və yaradılması istiqamətində təşəbbüslərə diqqət çəkildi.

Cənab Prezident Azərbaycanın regionda nəhəng nəqliyyat habı yaradan siyasətinə və çoxşəbəkəli logistika imkanlarına nəzər salaraq, bu imkanların daha da irəli aparılması ilə bağlı fikirlərini bildirdi. Bu xüsusda xatırladaq ki, Azərbaycan öz qətiyyəti və təşəbbüskarlığı ilə şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat və ticarət dəhlizlərini özündə ehtiva edən transmilli layihələri reallaşdırıb. Bölgənin “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qarsın (BTQ) ərsəyə gəlməsi məhz dövlət başçımızın sarsılmaz iradəsinin nəticəsidir.

Vaxtilə bu layihənin icrasına böyük maneə yaradan, Ermənistanın təcavüzkar siyasətinə göz yuman və onu dəstəkləyən bəzi Qərb ölkələri bu layihə ilə də bağlı riyakar və ədalətsiz yanaşma sərgiləyirdilər. Ermənistanın regionda həyata keçirilən bu meqalayihədən kənarda qalmaması üçün, Gürcüstanın da bu tranzitə qoşulmasına mane olunurdu. Digər əngəllər isə layihənin xarici kreditlər hesabına maliyyələşməsi ilə bağlı idi ki, bunu da Azərbaycan tərəfi öz maliyyə resursları hesabına həll etdi. Zaman göstərdi ki, Azərbaycan Prezidenti öz prinsipial qərarlarını ən çətin şəraitlərdə belə dərin zəka və böyük inamla yerinə yetirməyi bacarır. İllər sonra elə həmin Qərb ölkələri bu nəhəng layihənin təkcə bölgə üçün yox, Asiya və Avropa arasında ən axıcı və rentabelli, səmərəli nəqliyyat körpüsü olduğunu anladılar.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın regional mərkəz olmaqla yanaşı, özünün daxili infrastrukturlarını gücləndirən, ən müasir nəqliyyat layihələri icra edən, azad ərazilərdə beynəlxalq tipli magistral qovşaqlar, hava limanları inşa edən güclü ölkə olması da diqqətdən qaçmadı.

Bəyan olunduğu kimi təkcə son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa olunub, yeni yollar salınıb. Respublikanın bütün bölgələrində müasir yollar inşa edilib, kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb. Son 20 il ərzində ölkə ərazisində 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib, 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib.

Hazırda Azərbaycanda Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan kimi Beynəlxalq Hava Limanları fəaliyyətdədir, 9-cu hava limanı bu il Laçında istifadəyə veriləcək. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir. İndiyədək 3400 kilometrə yaxın yol ‒ 44 avtomobil yolu layihəsi icra edilib, 45 tunel, 447 körpü, 16 viadukun inşası nəzərdə tutulub. Onlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və strateji baxışı sayəsində Azərbaycanın nəqliyyat proqramlarını uğurla icra etmək qüdrətinin göstəricisidir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button