Prezident İlham Əliyevin qlobal geosiyasi vəziyyət və Azərbaycanın beynəlxalq məsələlərə dair mövqeyi yüksək maraq kəsb etməkdədir
“Məlum olduğu kimi, dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda Prezident İlham Əliyev çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Müxtəlif regional və qlobal məsələlər barədə aparılmış müzakirələrin yekun məntiqi bir daha isbat edib ki, Prezident İlham Əliyevin qlobal geosiyasi vəziyyət və Azərbaycanın beynəlxalq məsələlərə dair mövqeyi yüksək maraq kəsb etməkdədir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: “Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya-Qərb ölkələri qarşıdurması, Yaxın və Orta Şərqdə, Əfqanıstanda baş verən hadisələr təhlükəsizlik mövzusunu başlıca prioritet edir. Bu mənada Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fəlsəfəsi və nəticəsi ölkəmizi bu təhdid dolu vəziyyətlərdən sığortalayır. Eləcə də, Azərbaycanın enerji və nəqliyyat-kommunikasiya sahəsində reallaşdırdığı layihələr respublikamızı Avrasiyanın mühüm aktoruna çevirib. Xüsusilə də, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tamamilə təmin etməsi, sülh və əməkdaşlıq platforması təqdim etməsi bu günə qədər ölkəmizə tərəfdaş münasibəti göstərmiş dövlətlərin anlaşılmaz addımlarını ortaya çıxarıb. Baxmayaraq ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib”.
“Prezident İlham Əliyevin siyasi həyatının əsas məqsədi işğalda olmuş əraziləri azad etmək təşkil edib və buna da nail olunub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Bu gün Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır: “O da qeyd olunmalıdır ki, Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edin. Hazırda Ermənistanın Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur, Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır. Xüsusilə də, Ermənistan özünü yeni nəqliyyat-kommunikasiya layihələrindən də kənarda qoyub. Bu da Orta Dəhlizlə bağlıdır. Orta Dəhlizin bir qolu Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək. Belə bir məqamda itirən ancaq Ermənistan olur”.