Prezident İlham Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirakı mühüm tarixi hadisədir
1990-cı illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin bir qismi işğal edilmişdir. Otuz ilə yaxın müddət erməni işğalında qalan əzəli Azərbaycan torpaqları, nəhayət ki, öz doğma sahibinə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şüacətli Azərbaycan Silahlı Qüvvələrinin əzmi və iradəsi ilə tarixi torpaqlarımız işğaldan azad edildi. Erməni işğalına son qoyan İkinci Qarabağ müharibəsindən sonra prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarımızda dərhal abadlıq və yenidənqurma işlərinin başlanılması haqqında qərar qəbul etmişdir. Vaxt itirmədən azad olunan şəhərlərin, kəndlərin bərpası həyata keçirilmiş və qaçqın və məcburi köçkünlərin yaşaya biləcəyi şərait yaradılmışdır. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində illərlə erməni işğalında qalan, darmadağın edilmiş, məktəbləri, evləri, tarixi memarlıq abidələri talan edilmiş şəhərlərimiz yenidən qurulmuş, yaşayış üçün lazımi infrastruktur yaradılmışdır.
“Böyük Qayıdış” proqramı ilə bağlı ölkə başçısı dəfələrlə müxtəlif forumlarda iştirak etmişdir. Bunlardan biri də dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumudur. Forum zamanı prezident İlham Əliyev çıxış etmiş ölkəmizin keçdiyi çətin dövrlərdən, qarşıda duran vəzifələrdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdir.
Bu gün işğaldan azad olunan torpaqlarımıza yüzlərlə soydaşlarımız yenidən qayıtmışdır. Əldə olunan nailiyyətlər, qazanılan qələbələr, əlbəttə ki, uzaqgörən lider Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət strategiyası əsasında mümkün olmuşdur. Azərbaycan xalqının azad və firavan yaşaması üçün cənab prezident ölkə nəzdində mühüm addımlar atmışdır.
Zərxanım Abbasova,
YAP-ın fəalı