Analitika

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan beynəlxalq proseslərə istiqamət verən ölkəyə çevrilib

Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Qeyd etdiyimiz kimi, ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə Türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Təsadüfi deyil ki, son üç ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın iki fövqəladə Zirvə görüşü keçirilib. Onlardan birincisi 2020-ci ilin aprelin videokonfrans vasitəsilə olub və koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr edilib. Digəri isə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra – bu ilin martında “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda olub. Bu Zirvə görüşlərində həm koronavirusla mübarizə sahəsində, həm də zəlzələdən sonra Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Son illər Türk dövlətləri arasında əlaqələrin intensivləşməsi fonunda Təşkilata daxil olan ölkələrdə baş verən hadisələrə münasibətdə üzv dövlətlərin başçılarının bir araya gələrək məqsədə doğru birlikdə addım atmaları bu ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca vacibdir. Bu məsələlərdə Prezident İlham Əliyevin liderlik funksiyasını öz üzərinə götürməsi, bunun üzv ölkələrin rəhbərləri tərəfindən yekdilliklə qəbul edilməsi və alqışlanması dövlətimizin başçısının şəxsi nüfuzunun və ona göstərilən dərin hörmətin təzahürüdür. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev bu gün bir sıra təşkilatların Zirvə görüşlərinə fəxri və ya xüsusi qonaq qismində dəvət olunur, etdiyi çıxışlarla ölkəmizin Cənubi Qafqazda yaratdığı reallıqları və Azərbaycanın mövqeyini bütün dünyaya çatdırır. Qeyd olunanlar bir daha göstərir ki, bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button