AnalitikaGündəm

Prezident İlham Əliyevin Forumdakı çıxışı, qısa zamanda dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı

Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində mühüm məsələlərə toxundu. Onun çıxışı Cənubi Qafqaz regionunda baş verən tarixi transformasiya proseslərindən, Azərbaycan haqqında beynəlxalq mediada yayılan yanlış məlumatlardan və Azərbaycanın qlobal siyasətdəki mövqeyinə də toxundu.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu, region xalqlarının təhlükəsizlik hissini gücləndirir və münaqişələrin keçmişdə qaldığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı nikbinlik ifadə edən Prezident Azərbaycan cəmiyyətinin bu işlərə həvəslə yanaşdığını bildirdi.

Lider, çıxışı zamanı sülh sazişinin mətnin 80-90 faizi razılaşdığını, yenə də hazırda iki məsələnin olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur.

2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev bölgədə və regionda olan proseslərin aydın, hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button