Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının Bakıda keçirilməsi yenidən Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirdi. Elə dünyanpn aparıcı KİV-lərinin sözügedən iclas barədə geniş şərh verməsi də deyilənləri təsdiqləyir. İclas çərçivəsində “Euronews” telekanalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən müsahibə götürməsi də həm Bakı toplantısı, həm də Azərbaycanın enerji mənbələrinə olan marağın göstəricisi idi”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Avropa məkanında çox böyük maraqla qarşılanmaqla yanaşı, həm də Cənub Qaz Dəhlizinin önəmini bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Vurğulandı ki, bu, hazırda dünyanın böyük ehtiyac duyduğu qarşılıqlı əməkdaşlığın bəhrəsidir, eyni zamanda, Azərbaycanın böyük layihələri uğurla reallaşdırmaq iqtidarında olduğunu göstərir. Həqiqətən də Azərbaycan bu iri layihəni reallaşdırmaqla bir daha bütün dünyaya öz gücünü və imkanlarını göstərmiş oldu. Ölkəmizin iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malik olması öz sözünü dedi və ölkəmiz çoxlarının gerçəkləşəcəyinə inanmadığı layihəni gerçəkləşdirə bildi. Nəticədə Prezidentin də dediyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var.
Onun sözlərinə görə, cənab Prezidentin “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı” fikri isə ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dair mesaj idi. Çünki Azərbaycan nefti inkişafa çevirdi və bu təbii sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Bunu faktlar da təsdiqləyir. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının getdikcə daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub.