“Prezident İlham Əliyevin Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında etdiyi çıxış ölkənin çoxtərəfli diplomatiya və regional əməkdaşlığa olan sadiqliyini bir daha nümayiş etdirib. Dövlət başçımız Azərbaycanın beynəlxalq arenada tərəfdaşlığa, sülhə və dayanıqlı inkişafa dair konkret töhfələrini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına 2020-2023-cü illərdəki sədrlik dövrü çoxtərəfli diplomatiyanın əhəmiyyətini göstərən bir nümunə olunub. Bu dövrdə Azərbaycanın rəhbərliyi altında Hərəkatın institusional gücü artırılıb və ölkəmiz beynəlxalq münasibətlərdə daha fəal bir oyunçuya çevrilib. Bu təcrübə Azərbaycanın Asiya regionunda Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədəki sədrlik rolunda da öz əksini tapıb”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri vasitəsilə Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyev çıxışında bu dəhlizlərin Azərbaycanın inkişafında yaratdığı imkanları vurğulayıb və ötürücülük imkanlarının artırılması üçün böyük investisiyaların edildiyini bildirib. Bu təşəbbüslər Azərbaycanın qlobal ticarət və iqtisadi əməkdaşlıqda strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfə də Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd edilib. Noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edəcək olan Azərbaycan qlobal ekoloji problemlərin həllində də mühüm rol oynamaq niyyətindədir. Bu tədbirin 200-dən çox ölkənin dəstəyi ilə Azərbaycanda keçirilməsi ölkənin qlobal ekoloji siyasətdə etibarlı tərəfdaş kimi tanındığını göstərir.
Onun sözlərinə görə, sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüş iki ölkə arasında sülhə nail olmaq yolunda əhəmiyyətli bir addım olaraq yadda qaldı. Görüşdə tərəflər sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etdilər. Bu cür diplomatik addımlar Cənubi Qafqaz regionunda dayanıqlı sülh və sabitliyin təmin edilməsində vacib əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin BRICS+ platformasındakı çıxışı Azərbaycanın çoxtərəflilik, logistika və iqlim əməkdaşlığında lider rolunu vurğulayaraq ölkənin qlobal güc mərkəzi kimi inkişafını və təsirini artırdığını bir daha sübut edib.