
8 dekabr tarixində Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri çərçivəsində iki ölkə liderləri – Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Bu görüş Slovakiya-Azərbaycan münasibətlərində yeni və strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Bəyanatında Azərbaycan Prezidentini Bratislavada salamlamaqdan məmnun olduğunu bildirən Prezident Peter Pelleqrini bu səfərin tarixi məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri iki ölkənin qarşılıqlı maraqlarının ən yüksək səviyyədə olduğunu göstərir. Slovakiya lideri Azərbaycanın regionda strateji əhəmiyyət daşıdığını, Cənubi Qafqazın ən böyük iqtisadiyyatı və enerji resurslarına malik mühüm tərəfdaş olduğunu qeyd edib. İki ölkə arasında ticarət dövriyyəsinin artdığını bildirən Prezident Pelleqrini hələ də böyük potensialın mövcudluğunu vurğulayıb. O, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əlaqələri yeni mərhələyə qaldırdığını söyləyib və xüsusən müdafiə sənayesi, müasir texnologiyalar, turizm, təhsil, mədəniyyət sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Slovakiya Prezidenti həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını yüksək qiymətləndirərək bu nailiyyətə görə Azərbaycanı təbrik edib və ölkədə postmüharibə inkişaf dövrünün başladığını vurğulayıb. Enerji sahəsində əməkdaşlıq xüsusi qeyd olunub. Pelleqrini Slovakiyanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın aparıcı rol oynaya biləcəyini bildirib. Müdafiə sənayesinə toxunan Slovakiya Prezidenti bu sahədə yalnız silah satışı deyil, birgə istehsal, texnologiya ötürülməsi və üçüncü ölkələrə ixrac kimi daha dərin əməkdaşlıq modellərini təklif edib. O, Azərbaycan tərəfinin Slovakiya istehsalı olan avtomatik artilleriya sistemlərinə maraq göstərdiyini və bu istiqamətdə işlərin artıq başladığını bildirib. Bundan əlavə, Slovakiya şirkətlərinin Qarabağ bölgəsində “ağıllı kənd” layihəsində iştirakı və Slovakiya ixrac-idxal bankının gələcək layihələri maliyyələşdirməyə hazır olması da diqqətə çatdırılıb. Sonda Prezident Pelleqrini Azərbaycana və Prezident İlham Əliyevə yüksək hörmətini ifadə edərək Slovakiya-Azərbaycan münasibətlərinin daha sıx inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışına göstərilən qonaqpərvərliyə görə təşəkkür etməklə başlayıb və səfərin əlaqələrə güclü təkan verəcəyinə inandığını bildirib. O, Slovakiyaya ilk rəsmi səfərin simvolik əhəmiyyətini vurğulayıb və iki ölkənin strateji tərəfdaş statusunun praktik əməkdaşlıqla möhkəmləndiyini söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb və ölkə istənilən miqdarda qaz tədarükü edə bilər. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı ilə təchiz olunur. Yeni qaz yataqlarının işlənməsi ilə əlavə resursların da əldə ediləcəyi və bunun Slovakiya və region üçün əhəmiyyətli olduğu vurğulanıb. Dövlət başçısı müdafiə sənayesi əməkdaşlığının məqsədinin Azərbaycana yeni imkanlar yaratmaq və birgə istehsal modelləri qurmaq olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan müharibə aparmaq niyyətində deyil, lakin sənaye və texnologiya sahəsində birgə layihələr inkişaf üçün faydalıdır. Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində əsas həlqə olduğunu, Orta Dəhliz layihəsində fəal rol oynadığını, ölkənin həm Asiya, həm də Avropa üçün etibarlı tranzit mərkəzinə çevrildiyini bildirib. İT sahəsində əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.
Prezident qeyd edib ki, Azərbaycanın böyük enerji potensialı – hazırda 2 giqavat, qarşıdakı illərdə isə 8 giqavata qədər – ölkəni data mərkəzləri üçün əlverişli məkana çevirir. Prezident İlham Əliyev Slovakiya rəhbərliyinin Azərbaycana dost yanaşmasını yüksək qiymətləndirib və Prezident Pelleqriniyə Azərbaycana rəsmi səfər dəvəti ünvanlayıb. Bratislavada keçirilən bu görüş və bəyanatlar Azərbaycan-Slovakiya əlaqələrinin həm siyasi, həm iqtisadi, həm də texnoloji aspektlərdə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji tərəfdaşlıq çərçivəsində iki ölkə arasında enerji, müdafiə sənayesi, ticarət, nəqliyyat, informasiya texnologiyaları və regional təhlükəsizlik sahələrində geniş əməkdaşlıq potensialının olduğu bir daha təsdiqləndi.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



