
28 May 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Müstəqillik Günü münasibətilə Laçın şəhərində möhtəşəm və mənalı bir çıxışla çıxış etdi. Bu çıxış təkcə bayram nitqi olmaqla qalmadı, həm də Azərbaycan dövlətçiliyinin gücünü, Qarabağın bərpasında əldə olunan nailiyyətləri və gələcəyə olan böyük ümidləri özündə əks etdirən tarixi bir sənəd kimi yadda qaldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünün məhz Laçında qeyd olunması xüsusi simvolik məna daşıyır. Çünki Laçın rayonu 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın tam suverenliyi altına keçmiş, işğaldan azad edilmiş ərazilərdən biridir. Prezident İlham Əliyev çıxışında bu faktı xüsusi vurğuladı və qeyd etdi ki, artıq Laçın, Şuşa, Zəngilan, Qubadlı və digər azad olunmuş bölgələr Azərbaycanın ərazi bütövlüyünün, qürurunun və iradəsinin simvoluna çevrilib. Prezident öz çıxışında 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsinin nəticələrindən danışaraq, xalqın birliyinin, ordumuzun şücaətinin və dövlətin qətiyyətli siyasətinin Qarabağ və Şərqi Zəngəzurun azad olunmasında həlledici rol oynadığını bir daha vurğuladı. O bildirdi ki, artıq “Qarabağ Azərbaycandır!” şüarı təkcə bir siyasi bəyanat deyil, reallıqdır. Laçında keçirilən bu tədbir bu reallığın ən parlaq sübutudur. Prezident İlham Əliyev çıxışında bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxundu. O qeyd etdi ki, artıq Laçın şəhərində müasir infrastruktur qurulub, yeni yaşayış binaları, məktəblər, yollar və sosial obyektlər inşa olunub. Minlərlə laçınlı öz doğma torpaqlarına qayıdıb və bu proses davam edir. Prezident “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunu bildirərək vurğuladı ki, dövlət bu məsələdə bütün lazımi tədbirləri həyata keçirməkdə qərarlıdır. Prezidentin çıxışında ən çox diqqət çəkən məqamlardan biri də milli birliyə və vətənpərvərliyə verdiyi önəm idi. O, vurğuladı ki, Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparıb və bu gün müstəqil, güclü Azərbaycan dövlətinin qurulması məhz bu milli ruhun nəticəsidir. Prezident çağırış etdi ki, hər bir vətəndaş azad olunmuş ərazilərin bərpasında, ölkənin inkişafında fəal iştirak etməli, Azərbaycanın daha da güclənməsi üçün çalışmalıdır. Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında etdiyi çıxış, Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən birinin təsdiqi oldu. Bu çıxış həm də göstərdi ki, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulmasına böyük önəm verir və bu bölgələr gələcəyin inkişaf mərkəzlərinə çevrilməkdədir. Laçında səsləndirilən fikirlər, verilən mesajlar, Azərbaycanın gələcək strategiyası və milli ruhun təntənəsi kimi yadda qaldı.
Günel Əbdürəhmanovaa
Yeni Azərbaycan Partiyası, məsləhətçi