AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyev Konstitusiya və Suverenlik İlində ədalət və mərhəmət nümunəsi göstərdi

Amnistiya aktlarının qəbulu, Əfv sərəncamlarının imzalanması dövlət siyasətinin humanist prinsiplər əsasında bərqərar olduğunun təsdiqi idi. Azərbaycan suveren, demokratik, hüquqi dövlət olaraq insan azadlığını təməl hüquq kimi tanıyaraq vətəndaşlarına islah olunmaq imkanı yaradır. Ölkə başçısı tərəfindən imzalanan istər Əfv sərəncamları, istərsə də qəbul olunan Amnistiya aktlarının əsas qayəsi humanizm prinsiplərinin əsas götürülərək insanların azad yaşamaq hüququnun təminidir. Azərbaycanda əlamətdar tarixi günlərdə, milli bayramlar ərəfəsində çoxsaylı insanların cəzadan azad edilməsi ənənəsi mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olmasını əsas tutaraq, bu münasibətlə amnistiya elan olunması təşəbbüsü irəli sürüb. Amnistiya Aktı təxminən 20 min nəfəri əhatə edəcək. Amnistiya Aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Prezident İlham Əliyev Konstitusiya və Suverenlik İlində ədalət və mərhəmət nümunəsi göstərdi. Dövlət başçısının bu il münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin humanizm prinsiplərinə, hüquqi dövlət və vətəndaş cəmiyyəti dəyərlərinə sadiqliyinin bariz ifadəsidir. Konstitusiyanın aliliyini və milli suverenliyin möhkəmləndirilməsini əsas prioritet kimi müəyyən edən Prezident İlham Əliyev eyni zamanda cəmiyyətin sosial ədalətə, mərhəmətə və insan hüquqlarının qorunmasına olan ehtiyacını daim diqqət mərkəzində saxlayır.

Amnistiya təşəbbüsü yalnız hüquqi akt deyil, həm də dövlətin insana verdiyi dəyərin, bağışlama və islahetmə fəlsəfəsinin təzahürüdür. Bu addım minlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə sosial həmrəyliyin və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu humanist siyasət göstərir ki, güclü dövlət anlayışı yalnız sərt qanunlarla deyil, eyni zamanda mərhəmət, ədalət və vicdanla tamamlanmalıdır.

Konstitusiya və Suverenlik İlində belə bir təşəbbüsün irəli sürülməsi xüsusi rəmzi məna daşıyır. Bu, Azərbaycanın müstəqil, suveren və hüquqa əsaslanan dövlət kimi formalaşmasının növbəti mərhələsidir. Prezident İlham Əliyev bu qərarı ilə bir daha sübut edir ki, ölkədə hüquqi islahatlar davamlı xarakter daşıyır və insan amili dövlət siyasətinin mərkəzində dayanır. Məhz bu balanslaşdırılmış və uzaqgörən siyasət Azərbaycanı sabit, güclü və ədalətli dövlət kimi inkişaf yolunda inamla irəli aparır.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button