2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu. Əlbəttə, bu sənədin imzalanması Azərbaycanın gələcək nəaliyyətlərinin əsasını qoydu. Sənəd, eyni zamanda, postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəmin yaradan strategiyanın başlanğıcı idi. Azərbaycanın ərazi bütövlüyünün bərpasını rəsmən təsdiqləyən bu bəyanat istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında rəsmi Bakının mövqelərini daha da gücləndirdi. Ən əsası, sənədin imzalanması nəticəsində böyük ərazilərimiz qansız və itki olmadan azad edildi. Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir. 10 noyabr bəyanatının imzalanması həm də regionda yeni reallıqların əsasını qoydu. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq kədərinə son qoyuldu. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir. Deputat sonda vurğulayıb ki, dövlət başçısının prinsipial və qətiyyətli mövqeyi, Azərbaycanın milli maraqlarının diplomatik müstəvidə və informasiya məkanında qorunması ona gətirib çıxardı ki, Ermənistanın təslimçilik aktına imza atmaqdan başqa çarəsi qalmadı. Tarixi bəyanatın müvafiq şərtləri çərçivəsində Ermənistan müharibədə uduzan tərəf kimi öz üzərinə bir çox öhdəliklər götürdü. Ən əsası, 10 noyabr Bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, iki yüz illik erməni separatizminin kökünü kəsdi.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı