25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Bakı-Qroznı reysi ilə uçan təyyarə Rusiya səmasında “kənar müdaxiləyə” məruz qalaraq zədələnib və Aktauya uçub. Aktauda hava limanı yaxınlığında təyyarə yerə çırpılıb və 40-a yaxın adam, o cümlədən iki pilot və bir stüardessa həlak olub. Məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub. Pilotlar idarəetmə sistemi sıradan çıxmış bir təyyarəni idarə etməli olublar. Nəticədə təyyarə güclü şəkildə zədələnib və təyyarənin əsas hissələri, havada olarkən idarəetmə üçün zəruri olan hissələri sıradan çıxıb. Belə bir vəziyyətdə bizim pilotlarımız, heyət üzvü və təyyarə bələdçiləri böyük soyuqqanlılıq, böyük fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirib.
Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü kapitan İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Ölkə başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin şücaətini xüsusi olaraq vurğulayıb. “Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər”. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər.
Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarənin pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və ekipaj üzvü Hökumə Əliyevaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, digər ekipaj üzvləri Zülfiqar Əsədov və Aydan Rəhimli isə “1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. Pilotlarıızın peşakarlığı Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb.
Şəbnəm İsmayılova,
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin İnformatika müəllimi