AnalitikaGündəm

Pilotlarımızın peşakarlığı Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb

Azərbaycan Prezidenti İlham Əliyevin AZTV-yə müsahibəsi çərçivəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında baş vermiş qəzası geniş müzakirə olundu. Müsahibədə bu hadisə ilə bağlı görülən təcili tədbirlər, istintaq prosesinin gedişi, qəzanın səbəbləri və Azərbaycanın gələcək addımları ətraflı şəkildə təhlil edildi.

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, qəza barədə məlumat alar-almaz təcili tədbirlər görülmüş və hadisə ilə bağlı Dövlət Komissiyası yaradılmışdır. Həmçinin Qazaxıstana xüsusi ekspertlər qrupu və həkimlər göndərilmişdir. Azərbaycan tərəfi yaralılara yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün Qazaxıstanın göstərdiyi səylərə təşəkkür edib.

Prezident İlham Əliyev qeyd etdi ki, təyyarənin Rusiyanın hava məkanında xarici təsirlərə məruz qalması və idarəolunmaz vəziyyətə düşməsi ilkin istintaqın əsas nəticələridir. Təyyarənin radioelektron müdaxiləyə məruz qalması və yerdən açılan atəş nəticəsində zədələnməsi ehtimalı əsas versiyalar sırasındadır. Hökumət rəhbəri bu hadisəni təsadüfi bir qəza kimi qiymətləndirdi, lakin bununla bağlı Rusiyanın ilkin mövqeyinin məsuliyyətdən yayınmağa yönəldiyini də vurğuladı.

Azərbaycan tərəfi hadisənin obyektiv araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət işçi qrupunun yaradılmasına nail olub. Prezident İlham Əliyev, Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin bu istintaq prosesində əsas rol oynamasına etiraz edib və obyektivlik prinsiplərinin təmin olunmasının vacibliyini vurğulayıb.

Müsahibədə Prezident İlham Əliyev qəza zamanı ekipaj üzvlərinin və pilotların göstərdiyi peşəkarlığı və qəhrəmanlığı yüksək qiymətləndirib. O, qeyd edib ki, pilotlar sərnişinləri xilas etmək üçün öz həyatlarını riskə atıblar və bu qəhrəmanlıq Azərbaycan dövləti səviyyəsində müvafiq şəkildə təltif olunacaq

Azərbaycan Prezidenti, müsahibədə qeyd edib ki, Azərbaycan Rusiyadan üzr istəməyi, günahını etiraf etməyi, məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını və zərərçəkənlərə təzminat ödənilməsini tələb edir. O, bu tələblərin beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayıb.

Hadisədən sonra Azərbaycanın Rusiyanın yeddi şəhərinə uçuşları dayandırması, eləcə də bəzi Rusiya aviaşirkətlərinin uçuşlarına məhdudiyyət tətbiq etməsi təhlükəsizlik məsələlərinin prioritet olduğunu göstərir. Bu qərar Azərbaycan tərəfinin sərnişinlərin təhlükəsizliyinə önəm verdiyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev, Qazaxıstanın qəza zamanı ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkür edib. O, bu hadisənin iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirdiyini vurğulayıb.

Bu müsahibə, həm Azərbaycan hökumətinin məsuliyyətli və şəffaf istintaq aparmağa çalışdığını, həm də beynəlxalq əməkdaşlığa və milli təhlükəsizliyə önəm verdiyini nümayiş etdirir. Pilotlarıızın peşakarlığı Azərbaycan aviasiya tarixində silinməz iz buraxıb.

Mehriban Hacıyeva,
Bakıxanov qəsəbəsi, 96 saylı məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button