
Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran, mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı forumlarına maraq ildən-ilə artmaqdadır. Bu, tədbirə qatılan qonaqların, eyni zamanda, onların təmsil etdikləri ölkələrin sayında özünün aydın ifadəsini tapır. Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir. Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları aydındır, amma çalışmalıyıq ümidlər yaradaq, gələcəyə-sabaha baxaq. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu çağırışlara söykənilərək atılan addımlar düşünülmüş siyasətə əsaslanır.
XI Qlobal Bakı Forumundan ötən bir ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bir daha sübut etdi ki, buna nail olmaq üçün səylər göstərilməli, sonadək mübarizə aparılmalıdır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu.
Forumun mövzusundan da göründüyü kimi, parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq çağırışları ilə dünyanın diqqətindədir.
Zülfüqar Cəfərov,
YAP Sabunçu rayon təşkilatının sədr müavini