Analitika

Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Bununla paralel olaraq, Avropa “yaşıl enerji” sayəsində digər ölkələrlə əməkdaşlığı genişləndirməyə başlayıb. Azərbaycan da bir sıra Avropa ölkələri ilə bərpa olunan enerji sahəsində yeni mühüm müqavilələr imzalayıb. Yaşıl enerji”dən söz açılmışkən xatırladaq ki, 2022-ci ildə Azərbaycan “yaşıl enerji” sahəsində böyük işlər görüb. Belə ki, il başlar-başlamaz, Azərbaycanda yeni 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu külək elektrik stansiyası Azərbaycanın enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyacaq və illik təxminən 1 milyard kVt/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq. Bu layihənin icrası ilə bağlı Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə – diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Zəngəzur dəhlizi digər infrastruktur layihələr ilə bərabər, həm də enerji ixracı sahəsində də mühüm rol oynayacaq. Dəhliz vasitəsilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac ediləcək. İşğaldan azad edilmiş ərazidə “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvana, oradan isə Türkiyə və Avropa bazarlarına ötürülməsi ölkəmizin enerji potensialının güclənməsi və genişlənməsi sahəsində mühüm addımdır. Bu, həm də Avropa ölkələrində etibarlı tərəfdaş olmağımızın və yüksək iqtisadi inkişafımızın göstəricisidir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button