Ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Ümumiyyətlə, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Ölkəmiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Ölkə rəhbərinin müşavirədəki nitqində COP29-un indiyədək respublikamızda keçirilən tədbirlərlə müqayisəyə gəlmədiyi, hətta Avropa Oyunlarından çox diqqət çəkəcəyini diqqətə çatdırıb: “Həmin vaxt Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”. COP29 beynəlxalq konfransının respublikamızda reallaşmasını şərtləndirən digər mühüm bir amil isə Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, Azərbaycanın bu gün dünyada neft-qaz ölkəsi olmaqla bərabər, həm də “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql etməsinin hazırda prioritet xarakterə çevrilməsi ilə bağlıdır. Azərbaycanın COP-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra məqamlar şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Ölkəmizin COP-a evsahibliyi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də respublikamızın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkili ilə bağlıdır. Bütün bunlarla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı.