Ölkəmizdə qlobal əhəmiyyətli tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir
Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibə də bütün dünya ölkələri tərəfindən izlənilir.
Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Bu baxımdan ölkəmizdə tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir. Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb. Məhz ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti uğuru olmaqla yanaşı, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmli yer tutur. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı baxımından meqa layihə hesab edilir. Azərbaycanda bu layihə uğurla baş tutacaq. Çünki eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentləri əlaqələndirililib və həmçinin istismara verilib.
Cənab Prezidentin qeyd etdiyi kimi, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var”. Qeyd edək ki, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb.
Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi