Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır

10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmiş, cənab Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Dövlət başçısı çıxışında bildirmişdir ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır və kadr islahatları aparılır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.
Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Prezident həmçinin seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymətdən danışaraq qeyd etmişdir ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir.
Milli Məclisin VI çağırışının birinci iclasında çıxışında Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.
Səbinə Həsənova,
YAP-ın fəalı