AnalitikaGündəm

Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir

26 iyul-11 avqust tarixlərində Parisdə gerçəkləşən XXXIII Yay Olimpiya oyunlarında ölkəmizin Milli Olimpiya Komandası 15 idman növü üzrə 48 idmançı ilə təmsil olundu. Azərbaycan idmançıları dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalında güləş, cüdo, boks, güllə atıcılığı, taekvando, kano-sprint, ağır-atletika və s. kimi idman növlərində öz bacarıqlarını nümayiş etdirdilər. Paris Yay Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazandıqlarını bir daha nümayiş etdirdi.

İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.

Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Azərbaycanın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olub. Əldə edilən uğurlu nəticələr bu qənaətə əsas verir. Prezident İlham Əliyev idmançılarla görüşü zamanı hazırda uşaq-yeniyetmə idmanına xüsusi diqqət ayırmağın zəruriliyini, idmana rəhbərlik edən qurumlar arasında koordinasiya işlərinin düzgün qurulmasının vacibliyini, federasiyaların, klubların bu yöndə uğurlu fəaliyyətini xüsusi vurğuladı. Dövlət başçımız uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyi sözlərin, verdiyi tapşırıqların fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişdirmək məqsədi daşıdığını bildirdi.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button