AnalitikaGündəmSosial

Novruz bayramı, xalqın mədəniyyətini və adət-ənənələrini qorumağa xidmət edən bir bayramdır

Azərbaycan xalqının tarixində, mədəniyyətində qədim izləri olan əlamətdar hadisələrdən biri də Novruz Bayramıdır. Zaman-zaman torpaqlarımızda hakim olmaq istəyən yad mədəniyyətlər bu bayramı xalqımıza unutdurmaq, onu kənar mədəniyyətlərin nümunəsi kimi təqdim etmək üçün bütün yollara əl atdılar. Lakin genetik yaddaşımız, böyük mədəniyyətimizin ölməz kodları buna heç vaxt imkan vermədi.

Sonuncu belə cəhd sovet hakimiyyəti illərində bu əziz bayramın keçirilməsinə qadağa qoyulması idi. Azərbaycan xalqının türk-müsəlman və şərqli bir toplum olduğunu onun yaddaşından silmək istəsələr də, buna nail ola bilmədilər. Ötən əsrin 60-cı illərin sonlarından respublikaya rəhbərlik edən milli qüvvələrin sayəsində Novruz bayramı yenidən ümummilli səviyyədə qeyd olunmağa başladı. Həmin illərdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev sonralar bu bayramın əhəmiyyəti haqqında deyirdi: “Bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.  (21 mart 2000-ci il)

Novruz bayramı təkcə bir xalqın və bir ölkənin ərazisində qeyd olunmur, bəşəri və milli-mənəvi dəyərləri ehtiva etdiyi üçün dünyanın bəzi başqa ölkələrində də bu tarix bahar bayramı, təbiətin oyanışı mahiyyətində qeyd olunur. Bu, Azərbaycanın da daxil olduğu türk-müsəlman dünyasının bu bayramı bəşəri miqyasda tanıtmaq üçün gördüyü işlərin nəticəsidir.

Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətini, habelə milli və mənəvi dəyər kimi qiymətini vurğulayan Ulu Öndər Heydər Əliyev başqa bir nitqində belə demişdi: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.”

Ümummilli Liderin bu sözlərinin üstündən tam 25 il ötür. Onun Azərbaycan üçün gördüyü əvəzsiz işləri davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Artıq neçə ildir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş Qarabağ torpaqlarında qeyd olunur. Minillərdir o torpaqlarda hakim olmuş mədəniyyət yenidən öz yuvasına geri dönüb.

Prezident İlham Əliyev Vətən Müharibəsindən sonrakı ilk Novruz bayramı günlərində – 20 mart 2021-ci il tarixində xalqımızı Şuşadan təbrik edərək, deyirdi: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik”.

Azərbaycan Prezidenti 20 mart 2022-ci il tarixində Suqovuşanda, 18 mart 2023-cü il tarixində Talışda, 18 mart 2024-cü il tarixində Xankəndidə Novruz tonqalını yandıraraq, xalqımızı təbrik etmiş və bildirmişdi ki, xalqımız əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmiş bir gənclik yetişdirdi. Həmin gənclər Azərbaycan Ordusunun əsgər və zabitləri kimi torpaqlarımız üzərində dövlətimizin suverenliyini bərpa etdilər.

Bu günlərdə ölkəmiz və xalqımız öz tarixinin ən qədim bayramlarından olan Novruzu qeyd edir. Azərbaycan Respublikasının üçrəngli bayrağının altında, bərpa olunmuş sərhədlərimizin daxilində növbəti sevincli günləri yaşayırıq. Lakin onu da unutmaq olmaz ki, bu böyük bayramın sərhədləri daha genişdir, dünyanın hər yerində yaşayan azərbaycanlılar da bu Vətənin bir parçası kimi əzəmətli bayramı bizimlə birgə qeyd edirlər.

Gültəkin Rüstəmova,
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin direktoru 

Oxşar Xəbərlər

Back to top button