
Victorytime.az xəbər verir ki, Nizami rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün şənlik təşkil edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan şənliyin rəsmi hissəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova, Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin direktoru Nərminə Zöhrabova, Azərsun Holdinqin İnzibati təsərrüfat departamentinin bölmə rəisi Könül Bəkirova, “Sosial məsələlərin həllinə kömək” ictimai birliyinin sədri Nərmin Daşdəmirbəyli və başqaları çıxış ediblər, uşaqları bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımıza bəxş edən Ulu Öndər Heydər Əliyev eyni zamanda uşaqların diqqət mərkəzində saxlanılması, onlara qayğının göstərilməsi ənənəsinin də əsasını qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva bütün bayram günlərində, hətta doğum günündə belə uşaqlarla görüşür, onların qayğıları ilə yaxından maraqlanır. Məhz, bu ənənəyə sadiq olaraq təşkil olunmuş tədbirin əsas məqsədi bir daha uşaqları sevindirmək, onlara xoş gün bəxş etməkdir.
Çıxışlardan sonra rəsmi hissəyə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Sonra bayram tortu kəsilib, uşaqlara hədiyyələr verilib.
Şənlik faceart bacarığı, müxtəlif şoular, tanınmış müğənnilərin ifasında mahnılar və rəqslər ilə davam etdirilib. Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar isə şənlik iştirakçılarında unudulmaz həyəcan hissləri doğurub.































