“Prezident İlham Əliyevin 28 yanvar 2025-ci il tarixində keçirdiyi müşavirədə verdiyi bəyanatlar ölkənin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı yeni mərhələyə keçidini göstərir. Son illərdə həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələrinə baxmayaraq, Bakı şəhərində və digər bölgələrdə nəqliyyat problemlərinin davam etməsi yeni yanaşmaların və strateji planların tətbiqini zəruri edir. Bakı şəhərinin sürətlə artan əhalisi və nəqliyyat yükü, infrastrukturun mövcud imkanlarının bu artımı tam şəkildə qarşılamasına mane olur. Dövlət tərəfindən son illər ərzində mühüm layihələr həyata keçirilib: yeni metro stansiyaları, yol qovşaqları, körpülər və tunellər inşa olunub. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni dövlət proqramının qəbul edilməsi və tətbiqi şəhərdə nəqliyyat axınının tənzimlənməsi üçün zəruridir”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, xoğrafi mövqeyindən səmərəli istifadə edən dövlətimiz beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin ölkə ərazisindən keçməsi, Azərbaycanın Avrasiyada əsas tranzit mərkəzi kimi rolunu gücləndirir. Rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq bu sahədə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın dəmir yolu şəbəkəsinin inkişafı da diqqət mərkəzindədir. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və genişləndirilməsi, Sumqayıt-Yalama və Ələt-Astara dəmir yollarının müasirləşdirilməsi, eləcə də Bakı-Qəbələ dəmir yolu kimi layihələr ölkənin tranzit potensialını artırır.
“Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə beynəlxalq gündəliyə daxil olub və ölkənin ərazi bütövlüyü ilə birbaşa bağlıdır. Ermənistan tərəfinin bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsi, münaqişənin davamlı həllinə maneə yaradır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın tranzit ölkəyə çevrilmək arzuları real deyil və Zəngəzur dəhlizinin açılması qaçılmazdır.
Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat sektoru sürətlə inkişaf edir və regionda strateji əhəmiyyət kəsb edir. Yeni layihələrin həyata keçirilməsi, xüsusilə də dövlət proqramları vasitəsilə şəhər nəqliyyatının tənzimlənməsi və beynəlxalq dəhlizlərin daha səmərəli idarə olunması, ölkənin uzunmüddətli iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək.