Analitika

Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi

1993-cü il 2 aprel tarixində Ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğal olunması digər rayonlarımızın itirilməsi üçün sanki bir açar rolunu oynadı. Həmin dövrdə paytaxt Bakıda başı vəzifə bölgüsünə, kreslo davasına qarışan AXC-Müsavat hakimiyyəti Qarabağı, ümumiyyətlə Ermənistanla sərhəd rayonları unutmuşdu. Kəlbəcərin itirilməsi böyük faciə idi və rayon sakinləri gözləri baxa-baxa, əliyalın, köməksiz halda bu dəhşəti, bu faciəni yaşayırdılar. Dövlət və hakimiyyət tərəfindən heç bir nəzarətin olmaması düşmənə qol-qanad verir, əli silahlı erməni terorçuları Kəlbəcər əhalisinə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt verirdilər. Müqavimət görməyən, azğınlaşımış ermənilər Bakıdan göndərilmiş helikopter adı ilə insanları aldadaraq oğurlayıb Ermənistan ərazisinə əsir aparırdılar. Ərazi cəhətdən Azərbaycanın ən böyük rayonlarından olan Kəlbəcər AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti səbəbindən cəmi bir neçə günə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Məhz bundan sonra digər rayonları işğal edə bilmək  üçün Ermənistanın imkanları daha da artmış oldu. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Bu gün Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur. Kəlbəcər şəhərinin Baş planı isə bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək.  Kəlbəcərin təbii enerji potensialı da bu gün gündəmdə olan məsələdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib. 2021-2022-ci illər həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri ilə də yadda qaldı.

Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində, Kəlbəcərin qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button