AnalitikaGündəmSiyasət

Naxçıvanın Hərbi Potensialı: Təhlükəsizliyin Qarantı

Naxçıvan Muxtar Respublikasının spesifik coğrafiyası və Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin olmaması onun hərbi təhlükəsizlik məsələlərinə daha həssas yanaşılmasını tələb edir. Tarix boyu bu bölgənin qorunması Azərbaycan dövlətinin ən vacib prioritetlərindən biri olmuşdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məhz bu coğrafi təcrid vəziyyəti Naxçıvanın müdafiə potensialının davamlı şəkildə artırılmasını və təhlükəsizliyə birinci dərəcəli əhəmiyyət verilməsini zəruri etmişdir. Bu baxımdan, muxtar respublikanın hərbi cəhətdən toxunulmazlığının təmin edilməsi dövlət siyasətinin əsas təməl daşıdır.

Muxtar respublikanın etibarlı müdafiəsini təşkil etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı əsasında Naxçıvanda Əlahiddə Ordu yaradılmışdır. Bu ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və çox mühüm tərkib hissəsi olaraq bölgənin təhlükəsizliyini təmin edir. Dövlət başçısının avqustun 11-də iştirak etdiyi bayrağın təqdimetmə mərasimində Naxçıvanın hərbi gücü, o cümlədən ən müasir hərbi texnika ilə yüksək səviyyəli təchizatı bir daha əyani şəkildə nümayiş etdirilmişdir. Bu amillər ordunun döyüş qabiliyyətinin Prezidentin diqqəti sayəsində ən yüksək standartlara cavab verdiyini göstərir.

Ordunun modernləşdirilməsi və müasir döyüş taktikalarına uyğunlaşdırılması istiqamətində atılan ən önəmli addımlardan biri də yeni komando qüvvələrinin formalaşdırılmasıdır. Yeni komando birliklərinin yaradılması Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan inkişaf mənzərəsinin məntiqi davamıdır. Bu qüvvələr istənilən mürəkkəb relyefdə və əməliyyat şəraitində düşmən təhdidlərinin qarşısını almaq üçün yüksək manevr və zərbə qabiliyyətinə malikdirlər. Bu da Naxçıvanın müdafiə xəttini keçilməz edən əsas amillərdən biridir.

Bu gün inamla qeyd etmək mümkündür ki, Azərbaycan Silahlı Qüvvələri bütövlükdə bölgədə əsas söz sahibidir və Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir. Gələcəkdə icrası nəzərdə tutulan nəhəng nəqliyyat və enerji layihələrinin təhlükəsizliyini qorumaq üçün güclü ordunun varlığı mütləq şərtdir. Prezident İlham Əliyevin sarsılmaz iradəsi və davamlı dövlət sərmayələri sayəsində Naxçıvanın müdafiə potensialı bundan sonra da daim inkişaf etdiriləcəkdir.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button