
12 noyabr tarixi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən günlərdən biridir. Bu gün müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən və xalqımızın iradəsini ifadə edən Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Hər il bu tarix Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd edilir və dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birini xatırladır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qarşısında yeni və məsuliyyətli bir vəzifə dayanırdı: gənc dövlətin idarə olunmasını, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də ölkənin siyasi və sosial sistemini tənzimləyəcək mükəmməl bir hüquqi sənəd – Konstitusiya hazırlanmalı idi. Bu sənəd həm ölkənin daxili idarəçiliyini nizamlamaq, həm də müstəqil dövlətin beynəlxalq aləmdə hüquqi əsaslar üzərində tanınmasını təmin etmək baxımından son dərəcə vacib idi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən hazırlanan yeni Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Beləliklə, Azərbaycan özünün ilk müstəqil dövlət Konstitusiyasına sahib oldu. Bu hadisə xalqımızın tarixində dərin iz buraxdı və müasir, hüquqi, demokratik dövlət quruculuğunun əsasını qoydu. Məhz bu səbəbdən 12 noyabr tarixi hər il böyük qürur və iftixar hissi ilə qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur. O, ölkənin siyasi, iqtisadi və ictimai sisteminin prinsiplərini müəyyən edir, hakimiyyətin mənbəyinin xalq olduğunu təsdiqləyir və insan hüquq və azadlıqlarını ali dəyər kimi qoruyur. Konstitusiyamızda göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi və dünyəvi dövlət quruluşuna malikdir, onun ali məqsədi isə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Burada hakimiyyətin bölünməsi prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin müstəqilliyi xüsusi vurğulanır.
Bu, ölkədə demokratik idarəetmə mexanizminin formalaşmasına və hüquqi dövlətin möhkəmlənməsinə xidmət edir. Konstitusiyanın qəbulundan ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, dövlət idarəçiliyi təkmilləşmiş, vətəndaş cəmiyyəti möhkəmlənmişdir. Cəmiyyətin və dövlətin dinamik inkişafı, yeni reallıqlar Konstitusiyanın da dövrün tələblərinə uyğun olaraq yenilənməsini zəruri etmişdir. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq səsverməsi ilə Konstitusiyaya bir sıra mühüm dəyişikliklər edilmiş, idarəetmə sistemində səmərəlilik artırılmış, insan hüquq və azadlıqlarının müdafiəsi daha da gücləndirilmişdir. Bu dəyişikliklər həm dövlətin müasir çağırışlara çevik uyğunlaşmasını təmin etmiş, həm də vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi sənəd deyil, həm də milli dəyərlərimizin, dövlət müstəqilliyimizin və xalqın iradəsinin rəmzidir. O, dövlətçiliyimizin ideoloji və mənəvi dayaqlarından biri kimi çıxış edir.
Hər bir Azərbaycan vətəndaşı üçün Konstitusiya sadəcə hüquq kitabı deyil, eyni zamanda vətənə, azadlığa, ədalətə və demokratiyaya sədaqətin ifadəsidir. Konstitusiyanın maddələrində əks olunan prinsiplər dövlət orqanlarının fəaliyyətinə istiqamət verir, vətəndaşların cəmiyyətdəki rolunu və məsuliyyətini müəyyənləşdirir. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətin, həm də cəmiyyətin həyatında mühüm rol oynayır. Onun müddəaları ölkəmizin sabitliyinin, inkişafının və müstəqilliyinin hüquqi təminatıdır. Konstitusiya hər bir vətəndaşın hüquqlarını qorumaqla yanaşı, dövlətin qarşısında vətəndaş məsuliyyətini də müəyyən edir.
O, ölkəmizin gələcəyinə doğru inamla addımlamağımız üçün möhkəm hüquqi zəmin yaradır. Beləliklə, 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində şərəfli səhifədir. Bu gün biz təkcə hüquqi bir sənədin qəbulunu deyil, həm də müstəqilliyimizin, azadlığımızın və milli birliyimizin təntənəsini qeyd edirik. Konstitusiyamız bu gün də dövlətimizin inkişafında, cəmiyyətimizin rifahında və hüquqi dövlət prinsiplərinin bərqərar olmasında əsas rol oynayır. Hər bir Azərbaycan vətəndaşı üçün bu sənəd azad və ədalətli gələcəyin rəmzi, dövlətimizin varlığının hüquqi əsasını təşkil edən milli dəyərdir
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,
məsləhətçisi



