Müstəqil Azərbaycanın ŞƏT-dəki Səsi: İlham Əliyevin Strateji Çıxışı

Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə iştirak edib. Artıq ikinci dəfədir ki, Azərbaycan ŞƏT-in Zirvə toplantısına dəvət olunub. Ölkə başçısı bu dəvəti Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirir.
Qeyd etmək lazımdır ki, son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə isə Qazaxıstanın ölkə başçısı Azərbaycana üç dəfə səfər etmişdir. Bu fakt ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan və Qazaxıstan arasında olan diplomatik münasibətlərin təməlləri ulu öndər Heydər Əliyevin yüksək siyasi savadlılığı və beynəlxalq münasibətləri idarəetmə bacarığı sayəsində atılıb, bu gün Heydər Əliyev irsi tərəfindən qoyulmuş ənənələr cənab Prezident tərəfindən layiqli şəkildə davam etdirilir.
İndi isə Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmiz üçün əhəmiyyətli olan nüanslarına nəzər yetirək.
İlk növbədə, əsas məsələlərdən biri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət mövzusudur. Azərbaycan ilə ŞƏT-ə üzv olan dövlətlər arasında əməkdaşlığın vacib sahəsini bu nəqliyyat dəhlizlərində birgə əməkdaşlıq məsələsi təşkil edir. Adıçəkilən dəhlizlər beynəlxalq ticarət və logistika üçün əhəmiyyətli olan yol və dəmir yolu şəbəkələrini əhatə edir. Azərbaycan coğrafi mövqeyi sayəsində bu dəhlizlərdə əsas tranzit ölkələrdən biridir. Azərbaycanın bu dəhlizlərdəki rolu ölkənin iqtisadi inkişafı üçün yeni imkanlar yaradır və ŞƏT-ə üzv dövlətlərlə ticari əlaqələrini gücləndirir. Bu əməkdaşlıq nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Digər məsələ Orta Dəhliz mövzusudur, bu da türk dünyası ölkələri üçün öndə gələn müzakirə predmetidir. Diqqətə çatdırmaq lazımdır ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılmışdır. Bu da yükdaşımaların daha səmərəli və sürətli həyata keçirilməsini təmin edir.Bu dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində yaradılmışdır və regionda mühüm tranzit marşrutlarından biri kimi çıxış edir.
Bu gün Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Rəqəmsallaşma prosesləri loqistika və nəqliyyat sahəsində səmərəliliyin artırılması, əməliyyatların daha şəffaf və sürətli həyata keçirilməsi üçün vacibdir. Bunun üçün elektron məlumat mübadiləsi, rəqəmsal gömrük prosedurları, təhlükəsizlik və məlumatların qorunması mühüm əhəmiyyət kəsb edir. Orta Dəhlizin fəaliyyətində ötürücü rol oynayan liman Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Azərbaycan tərəfi qeyd edir ki, limanın illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Bu liman müasir texnologiyalar və avadanlıqlarla təchiz olunmuşdur, bu da yüklərin sürətli və effektiv şəkildə işlənməsinə imkan verir.Limanda əməliyyatların idarə olunması üçün rəqəmsal platformalar və avtomatlaşdırılmış sistemlər tətbiq olunur.
Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir.Dəmir yolu xətləri yüklərin effektiv və sürətli şəkildə daşınması üçün ən son texnologiyalarla təchiz edilmişdir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Ölkə başçısı İlham Əliyev çıxışında digər vacib məsələyə toxunub. Diqqətə çatdırılıb ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini Bununla da beynəlxalq hüquq vətarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Şərh edilməyi vacib olan məqamlardan biri də Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləməsidir. Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, bunla da ölkəmizin qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirmişdir. Azərbaycan Hərəkatın institusional inkişafına töhfə verdi, üzvdövlətlərin dəstəyi ilə onun Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi,habelə Qadın Platformasının əsasını qoyub. Bu da nüfuzlu və yüksək addımdır.
Prezident öz çıxışında Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.
İlham Əliyevin çıxışı, Azərbaycanın siyasi və iqtisadi mövqelərini gücləndirmək üçün çox vacib məqamları özündə cəmləşdirir. Ali Baş Komandan Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək, iqtisadi inkişafını sürətləndirmək və regional sabitliyi təmin etmək məqsədini açıqlayıb.
Əli Hüseynov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal gənci