Analitika

Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

Azərbaycanın yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alınmışdır.

Ulu Öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı O, öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Ümummilli Liderimiz bu gün aramızda olmasa da onun bizlərə qoyduğu ərməğan möhkəm təməllərə əsaslanmışdır. Bizlər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Çünki, artıq 20 ildir Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi Prezident fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır.

Bizim hamımız Azərbaycan xalqı Ümummilli Lideri Heydər Əliyev irsinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.

Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq və xalqımız tərəfindən yaşadılacaqdır.!

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button