Azərbaycanda İkinci Dünya müharibəsində qələbənin hər il təntənəli şəkildə qeyd olunması heç də təsadüfi deyil. Respublikamız bu müharibədə fəal iştirak edib və faşizm üzərində qələbənin təmin olunmasında mühüm rol oynayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində respublikamızın İkinci Dünya müharibəsində iştirakına xüsusi diqqət çəkərək bildirib ki, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Məlum olduğu kimi, müharibənin ilk illərində Azərbaycanın da daxil olduğu keçmiş ittifaqın bir sıra iri sənaye müəssisələri, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal edirdi. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. O vaxt hələ Sibirdəki neft yataqları kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Döyüş maşınlarının, tankların, təyyarələrin, gəmilərin istifadə etdiyi bütün yanacağın 80 faizi Azərbaycan mədənlərində, respublikamızın zavodlarında istehsal edilirdi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində olub. “Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi”, – deyə dövlətimizin başçısı bildirib. İkinci Dünya müharibəsində Azərbaycan xalqının mərd oğul və qızlarının göstərdikləri fədakarlıqlar, qəhrəmanlıqlar hər cür yüksək qiymətə layiqdir. Dövlət başçımızın vurğuladığı kimi, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər. Əlbəttə, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 9 May – Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-“Müsavat” cütlüyü 9 May – Qələbə Gününün bayram təqvimindən silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə son 16 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı