AnalitikaGündəmOrdu

Milli Qürurumuz – 26 İyun Silahlı Qüvvələr Günüdür

Azərbaycan Respublikasında hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu gün Azərbaycan xalqı üçün həm tarixi, həm də milli qürur hissi ilə dolu bir gündür. 26 iyun, ölkəmizin hərbi qüdrətini, vətənpərvərliyini və müstəqil dövlətçiliyini təcəssüm etdirən ən əhəmiyyətli tarixlərdən biridir. Bu gün rəsmi bayram kimi qeyd olunur və bütün ölkə üzrə müxtəlif tədbirlərlə, paradlarla, anım mərasimləri və vətənpərvərlik aksiyaları ilə qeyd edilir. Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci ilin 26 iyununda Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin gün Cümhuriyyət hökumətinin qərarı ilə ilk milli hərbi hissələrin yaradılmasına başlanıldı. Bu, o dövr üçün çox mühüm bir addım idi. Xalq Cümhuriyyəti çox qısa ömür sürməsinə baxmayaraq, milli ordu quruculuğu sahəsində ciddi və əhəmiyyətli addımlar atdı. Lakin Cümhuriyyətin süqutundan sonra ordu quruculuğu prosesi yarımçıq qaldı və Azərbaycan uzun illər sovetlər birliyinin tərkibində olduğu üçün müstəqil orduya sahib ola bilmədi. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən müstəqil ordu qurulmasına start verildi. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün çətin bir dövr idi – həm siyasi, həm də hərbi baxımdan. Ermənistanın Azərbaycana qarşı təcavüzü, Qarabağ müharibəsi, daxili çəkişmələr və qeyri-sabitlik ölkənin hərbi gücünü zəiflədirdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etdi. Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsasları möhkəmləndirildi, hərbi təhsil, texniki təminat və döyüş qabiliyyəti sahələrində ciddi islahatlara başlanıldı. Silahlı Qüvvələr gücləndirildi və peşəkar ordu formalaşdırıldı. Bu proses sonrakı illərdə də davam etdirildi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz edilmiş, regionun ən güclü ordularından birinə çevrilmişdir. Azərbaycan Ordusunun gücü və rəşadəti 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində özünü tam şəkildə göstərdi. 27 sentyabr 2020-ci ildə başlanan və 10 noyabrda Azərbaycanın şanlı Qələbəsi ilə nəticələnən bu müharibə Silahlı Qüvvələrimizin peşəkarlığını, əzmini və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyuldu. Bu Qələbə həm də xalqla ordu arasında olan birliyi, milli ruhun nə qədər güclü olduğunu göstərdi. Şəhidlərimizin canı və qanı bahasına qazanılan bu zəfər Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. 26 İyun təkcə hərbçilər üçün deyil, bütün Azərbaycan xalqı üçün əlamətdar bir gündür. Bu gün biz Silahlı Qüvvələrimizə olan inamımızı, minnətdarlığımızı və dəstəyimizi ifadə edirik. Əsgər və zabitlərimizin xidmətləri yüksək qiymətləndirilir, şəhidlərimizin xatirəsi böyük ehtiramla anılır. Bu tarix həm də gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, dövlətə və orduya bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məktəblərdə, universitetlərdə, dövlət qurumlarında və ictimaiyyət arasında bu günə həsr olunmuş tədbirlər keçirilir, Azərbaycanın hərbi gücü və tarixi haqqında məlumatlar paylaşılır. Azərbaycan Silahlı Qüvvələri bu gün yalnız ölkənin sərhədlərini qoruyan bir güc deyil, həm də müstəqilliyimizin, suverenliyimizin və dövlətçiliyimizin təminatçısıdır. Güclü ordu – güclü dövlət deməkdir. Biz ordumuzla qürur duyuruq və onu daim dəstəkləyirik.

Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!

 İlham Quliyev
Yeni Azərbaycan Partiyası,  məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button