AnalitikaDünyaGündəmSiyasət

Mənəvi Zənginlik və Hərbi Qüdrət: Prezident İlham Əliyevin Qələbə Salnaməsi

Müasir dövrdə multikulturalizmin, sülhün və tərəqqinin ən güclü müdafiəçilərindən biri kimi tanınan Azərbaycan beynəlxalq ictimai-siyasi və dini qüvvələrin etimad ünvanıdır. Sentyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransı və Qafqaz Xalqları Ali Dini Şurasının iştirakçılarından ibarət nümayəndə heyətinin qəbul edilməsi bu qlobal etimadın göstəricisidir. TDT-nin Baş katibinin və qardaş ölkələrin, habelə Şimali Qafqazın müsəlman idarə rəhbərlərinin iştirak etdiyi görüş, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şərqlə Qərb, Türk coğrafiyası ilə Qafqaz arasında uzlaşdırıcı, sülhsevər rolunu bir daha göz önünə sərdi. Dövlət başçısı bu miqyasda beynəlxalq tədbirlərin eyni vaxtda məhz Bakıda təşkil edilməsini bölgədə sülhün və dostluğun güclənməsinə xidmət edən böyük strateji addım kimi qiymətləndirdi.

Görüş zamanı Prezident İlham Əliyev ölkəmizin mədəniyyət, elm və fəlsəfə tarixinə toxunaraq xalqımızın yaradıcı potensialından bəhs etdi. O bildirdi ki, dahi Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransla dini liderlərin toplantısının eyni ərəfədə keçirilməsi dərindən mənalıdır. Azərbaycanın bəşəriyyətə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi tarixi şəxsiyyətlər bəxş etdiyini deyən dövlət başçısı, onların qoyduğu irsin təkcə Azərbaycan üçün yox, bütün İslam mədəniyyəti üçün böyük sərvət olduğunu xatırlatdı. Eyni zamanda, qədim dövlətçilik tariximizə nəzər salaraq, Qəbələ və Naxçıvanın timsalında Azərbaycanın həm Qafqaz Albaniyasının, həm də Atabəylər dövlətinin varisi kimi Qafqaz və Türk dünyasının vahid coğrafiyasını təmsil etdiyini və TDT daxilindəki yeganə Qafqaz dövləti olaraq bu birliyi daha da sıxlaşdırdığını xüsusi olaraq vurğuladı.

İslam aləmində gedən proseslərdən və müsəlman dövlətləri arasındakı həmrəyliyin vacibliyindən söz açan Prezident İlham Əliyev, sülh və əmin-amanlıq çağırışlarını yenilədi. O qeyd etdi ki, dini liderlərin hər bir çıxışı cəmiyyətlərdə barışığa yönəldikdə böyük müsbət dəyişikliklər yaradır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı daxilində sülh tərəfdarı kimi fəaliyyət göstərdiyini, 2017-ci ildəki IV İslam Həmrəylik Oyunlarını böyük qardaşlıq bayramı kimi təşkil etdiyini bildirən Prezident, gələn il ölkəmizdə baş tutacaq İƏT Zirvə Görüşünün mühüm əhəmiyyət daşıdığını bəyan etdi. Dövlət başçısı vurğuladı ki, İslam dininə kənardan zərbə vurmaq və xalqlarımızı ayırmaq istəyən qüvvələrin məkrli planlarının qarşısı ancaq müsəlmanların vahid bir ailə kimi birləşməsi ilə alına bilər.

Çıxışın yekununda nümayəndə heyətinin Qarabağa gözlənilən səfərinə diqqət çəkən Prezident İlham Əliyev, həm işğalın acı fəsadlarından, həm də möhtəşəm dirçəlişdən danışdı. Ermənistanın 30 illik işğalı dövründə məscidlərin dağıdılmasını, orada heyvan saxlanılaraq inanc yerlərimizin təhqir edilməsini hiddətlə xatırladan dövlət başçısı, bu vəhşiliklərin bütövlükdə İslama qarşı törədildiyini bildirdi. Lakin Prezident İlham Əliyev tam qətiyyətlə vurğuladı ki, Azərbaycan xalqı silahlı qüvvələrinin rəşadəti sayəsində tarixi ədaləti öz gücünə bərpa etmişdir. İndi isə Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox keçmiş məcburi köçkünün doğma ocağına qayıtması ilə həyata keçirilən “Böyük Qayıdış”, Azərbaycanın dünyadakı yenilməz dövlət imicini və Prezident İlham Əliyevin qətiyyətli, qurucu liderliyini bir daha sübuta yetirir.

Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button