AnalitikaGündəm

Laçının MDB mədəniyyət paytaxtı seçilməsi, eyni zamanda bölgənin iqtisadi inkişafına da töhfə verəcək

Laçının MDB mədəniyyət paytaxtı seçilməsi, eyni zamanda bölgənin iqtisadi inkişafına da töhfə verəcək. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini təmin edib, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Bu çərçivədə qonşu ölkələrlə yüksək səviyyəli əlaqələrin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi istiqamətlərdəndir. Qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən rəsmi Bakının irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu bariz şəkildə təsdiq edir.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam formalaşmaqdadır. Azərbaycanın öncül rol aldığı bu yeni konfiqurasiyanın əsas oyunçularından biri də Rusiyadır. Bu baxımdan sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada Rusiya kimi qlobal güc mərkəzi ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ilk növbədə ölkəmizin milli təhlükəsizliyinin qorunmasına xidmət edir. Son zamanlar Prezident İlham Əliyevin səfərlərdə, görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə diqqət yönəltdiyi əsas məsələ isə Azərbaycanın noyabr ayında dünyanın ən böyük və mötəbər tədbirinə – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə bağlıdır. Dünyanın iqlim dəyişiklikləri ilə bağlı problemlərinə aydınlıq gətirilməsi ilıə yanaşı, Azərbaycan yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açan və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olan bu tədbirin tribunasından öz tarixi uğurlarını və güclü potensialını dünyaya təqdim etmək imkanı əldə edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Diqqət çəkən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi və  MDB ölkələrində Böyük Vətən müharibəsi illərində hərbi və mülki məhsulların fasiləsiz istehsalında kollektiv töhfəyə görə veriləcək “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi oldu. Birgə Qələbəyə verdiyi əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxtımız Bakının da bu statusa layiq görüləcəyi şübhəsizdir.

Beləliklə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı münasibətlərimizin təqdimatında əhəmiyyətli rola malikdir. Dövlətimizin başçısı öz çıxışında əldə olunmuş razılaşmaların gələcəkdə möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf etdirilməsini təmin edəcəyi ilə bağlı əminliyini ifadə etmişdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button