Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçın torpağına həyat qayıdır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir.Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır.Laçında dünyanın nadir 300-400 illik qırmızı palıd ağacları var. Mineral suları tam tədqiq edilməyib.
Azərbaycanın bir sıra rayonları qəsbkar Ermənistanın işğalı altında idi və bu illər ərzində həmin rayonların öz doğma yurdundan didərgin düşən sakinləri hər cür çətinliklərə qatlaşaraq, bir gün öz torpaqlarının azad olunacağı günü səbirsizliklə gözləyirdilər. Prezidentimiz, uzaqgörən siyasətçi İlham Əliyevin dediyi kimi Azərbaycan xalqının da səbri tükənməz deyildi. Nəhayət, həmin gün gəlib çatdı. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 27 sentyabr 2020 -ci ildə İkinci Qarabağ müharibəsi başladı. 44 günlük müharibə nəticəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa şəhəri hərbi yolla işğaldan azad edildi. 8 Noyabr 2020-ci il şanlı tariximizə “Zəfər Günü” kimi yazıldı. Həmin gün Azərbaycan, Ermənistan və Rusiya dövlətləri arasında imzalanan üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın siyasi yolla, qan tökmədən, şəhid vermədən işğaldan azad edildi.
Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməllərini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yüzə yaxın ailə Laçına qayıdıb, öz evlərində yaşayırlar.Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bununla da Azərbaycan hökuməti Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsini başa çatdırdı.
Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.İşğaldan azad olunmuş bütün rayonlarda, o cümlədən Laçında əhali üçün hər cür şərait yaradılıb və yaradılacaq infrastruktur bərpa olunacaqdır.
Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.
İlham Quliyev,
YAP-ın gənc fəalı