“Laçın” sərhəd-buraxılış məntəqəsinin siyasi əhəmiyyəti
Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır. Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. İmzaladıqları və təslimçilik – kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar. Bu səbəbdən qarşı tərəf və onu himayə edənlər sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc və hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı