Laçın sərhəd-buraxılış məntəqəsi vətənimizin birliyi, qərarlarımızın dönməzliyini ifadə edir
Azərbaycanın yürütdüyü ardıcıl və məqsədyönlü siyasət nəticəsində əldə olunan növbəti uğur Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu.
Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir. Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda – 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır.
Ən başlıcası isə görülən bütün bu işlər, aparılan bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə bütövlükdə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir.Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Ölkəmizi “Etnik təmizləmə” ilə təqsirləyənlər anlamalıdırlar ki, tarix boyu xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımlar törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş məhz Ermənistan olmuşdur. Azərbaycan xalqı bu qanlı tarixləri heç vaxt unutmur və unutmayacaqdır.Bu qanlı səhifələrdən biri də məhz Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalı idi. Həmin dövrdə ölkəmizdə baş verən ağır siyasi böhrandan, daxili siyasi gərginliyin pik həddə çatmasından yararlanan ermənilər ilk öncə 9 mayda Şuşanı daxili satqınlıq hesabına işğal etdilər. Ardınca Qarabağın gələcək işğalına yol açan yeganə yolu – Laçını işğal etdilər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı