26 avqust Azərbaycanın əlamətdar günlər təqviminə bu ildən yeni adla – xalqımızın şan-şərəf salnaməsinin bir səhifəsi kimi daxil olur: “Laçın şəhəri günü”.
İlk dəfə qeyd ediləcək bu gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam Vətən müharibəsində qazanılan tarixi Qələbəni əbədiləşdirmək məqsədilə imzalanıb. Xatırladaq ki, düz bir il əvvəl – 2022-ci ilin 26 avqustunda Laçın şəhəri otuzillik ayrılıqdan sonra Azərbaycan dövlətinin tam nəzarətinə qayıdıb. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin nəticəsi olaraq və 2020-ci il 10 noyabr tarixli Bəyanatın (Azərbaycan, Ermənistan, Rusiya) müvafiq bəndinə əsasən, Laçın rayonu 2020-ci ilin 1 dekabrında Ermənistanın işğalçı qüvvələrindən azad edilmişdi. Lakin həmin sənədin müvafiq müddəasına görə, Laçın şəhəri və buradan keçən avtomobil yolu (Laçın-Xankəndi) Rusiya sülhməramlı kontingentinin nəzarətində idi. İşğaldan sonra Laçın şəhərində qanunsuz məskən salan ermənilərin də bir qismi hələ burada qalmaqda idi. 2020-ci il 10 noyabr Bəyanatının müvafiq bəndinə uyğun olaraq, Azərbaycan tərəfi 2021-ci ildə Laçın şəhərindən keçən avtomobil yoluna alternativ yolun inşasına başladı və 2022-ci ilin yayında yol hazır oldu. Bundan sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi dəhliz – Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev bununla bağlı rəsmi “Twitter” səhifəsində paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır” – bunu isə Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycanın bayrağını ucaltdıqdan sonra bəyan etmişdi. Dövlət başçısı diqqətə çatdırdı ki, 2020-ci il 44 günlük müharibəsindən sonra 10 noyabrda imzaladığı kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və bunu etdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq aparılan danışıqlar nəticəsində həmin sənəddə alternativ yolun çəkilişi təsbit edildi və biz 3 il ərzində yeni yolun çəkməli idik. Biz isə bunu daha tez bir zamanda başa çatdırdıq: “Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”. Ötən ilin sentyabrında Laçına ilk səfəri zamanı dövlət başçısı şəhərdəki vəziyyətlə, o cümlədən işğal dövründə ermənilərin törətdikləri dağıntıların miqyası ilə tanış oldu və bərpa-quruculuq işləri barədə tapşırıqlar verdi. Ötən qısa müddətdə şəhərdə böyük həcmdə işlər görülüb və 2023-cü ilin may ayından sakinlərin doğma şəhərə qayıdışı başlayıb. Prezident İlham Əliyev 27-28 may tarixlərində Laçın rayonuna səfəri zamanı Laçın şəhərində, eləcə də Zabux kəndində aparılan işlərlə tanış oldu, bir sıra infrastruktur, aqrar-sənaye layihələrinin təməlqoyma və açılışında iştirak etdi. O cümlədən Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyuldu. Mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan ilk sakinlərə evlərinin açarlarını təqdim etdi. Müstəqillik Günü Laçında ikiqat bayram oldu. Laçın şəhərinə sakinlərin qayıdışı mərhələlərlə davam edir. Avqustun 21-nə olan məlumata görə, şəhərdə 234 ailənin (904 nəfər) daimi məskunlaşması təmin edilib.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı