Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi. May ayı müstəqil Azərbaycanın tarixində bu iki faciəvi günlə əlaqəli idi. Yəni, bizim müstəqil həyatımızda may ayı faciəli bir ay idi – çünki 8 mayda Şuşa, 18 mayda Laçın işğal edildi. İşğal bizi sarsıdırdı və bu işğal digər torpaqlarımızın işğal altına düşməsinin başlanğıcı idi. Çünki birinci Şuşa, ondan sonra Laçın işğal olunmuşdur. Prezident bildirmişdir ki, bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Danışıqlar yolu ilə bunu etmək mümkün deyildi və müharibə yeganə çıxış yolu idi. Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.Təqdirəlayiq haldır ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Biz bu gün qürur hissi ilə deyə bilərik ki , dövlətimizin başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək görülən işlərin yüksək keyfiyyətlə aparılmasının, ətraf mühitin mühafizəsinin və qanunvericiliyə əməl olunmasının vacibliyinə diqqət çəkdi. Prezident İlham Əliyev Laçın şəhərində görülən işlərin fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır. Bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı