AnalitikaGündəmSiyasət

Konstitusiya və Suverenlik Dəyərləri Fonunda Humanizm Siyasətinin Təzahür Edir

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü humanizm, ədalət və hüquqi dövlət prinsiplərinə əsaslanan siyasi iradənin bariz nümunəsidir. Bu təşəbbüs təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş mühüm addım kimi dəyərləndirilə bilər.

Amnistiya institutu Azərbaycan dövlətçilik ənənəsində xüsusi yer tutur və hər zaman ictimai münasibətlərin yumşaldılması, sosial harmoniyanın təmin olunması məqsədi daşıyıb. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs isə daha dərin məna kəsb edir. Çünki Konstitusiya ölkədə hüquqi münasibətlərin əsasını təşkil etdiyi kimi, suverenlik anlayışı da dövlətin müstəqil qərarvermə gücünü və milli iradəni ifadə edir. Bu iki ali dəyərin birgə qeyd olunduğu bir ildə amnistiyanın gündəmə gətirilməsi dövlətin gücünü humanizm üzərində qurduğunu göstərir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı, ilk növbədə, cəzasını çəkən, lakin cəmiyyətə yenidən inteqrasiya olunmaq potensialı olan şəxslərə ikinci şans verilməsini nəzərdə tutur. Bu yanaşma cəza siyasətində intiqam deyil, islah və bərpa prinsipinin əsas götürüldüyünü nümayiş etdirir. Dövlət beləliklə, vətəndaşına etimad göstərir və onu yenidən sağlam ictimai münasibətlərin iştirakçısına çevirməyi hədəfləyir.

Eyni zamanda, bu təşəbbüs hüquqi islahatların ardıcıl xarakter daşıdığını da təsdiqləyir. Son illər məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, cəza siyasətinin liberallaşdırılması və insan hüquqlarının qorunmasına yönəlmiş addımlar amnistiya təşəbbüsü ilə məntiqi şəkildə tamamlanır. Bu, hüquqi dövlət quruculuğunun təkcə qanunların sərtləşdirilməsi ilə deyil, sosial ədalətin və insan amilinin ön planda tutulması ilə mümkün olduğunu göstərir.

Amnistiya həm də ailələr və cəmiyyət üçün mühüm sosial əhəmiyyət daşıyır. Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, sosial münasibətlərin bərpası və əmək bazarına reinteqrasiya imkanları ümumi ictimai rifahın yüksəlməsinə töhfə verir. Bu baxımdan təşəbbüs təkcə hüquqi deyil, həm də sosial siyasətin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin güclü, suveren və eyni zamanda humanist mahiyyətini bir daha ortaya qoyur. Bu addım hüquqa hörmət, insan taleyinə diqqət və cəmiyyətin gələcəyinə məsuliyyətli yanaşmanın ifadəsi kimi qiymətləndirilə bilər və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmlənməsinə xidmət edir.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button