Analitika

Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var.

Azərbaycan və Konqo dövlətləri bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətlərini davam etdirəcək. Xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində bu əməkdaşlıq daha yüksək səviyyədə olacaqdır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib.

Eyni zamanda nəzərə alınmalıdır ki, Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Həmçinin Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, Azərbaycanın kolonializmə qarşı mübarizəsi, Bakı Təşəbbüs Qrupunun yaradılması Afrika qitəsi ölkələri tərəfindən olduqca müsbət qarşılanır və dəstəklənir. Hətta Fransanın ənənəvi aktiv olduğu Afrika regionunda da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bunlardan biri də məhz Konqodur. Görünür ki, Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcək.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button