Analitika

İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi

Azərbaycanın 2030-cu ilədək 5 mili sosial-iqtisadi inkişaf prioritetindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu təşəb­büsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırıl­ması, yaşıllaşmanın bərpası və artırılma­sı, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına baş­lanılıb. Bununla əlaqədar istixana qazları emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaq qar­şısına əsas hədəf kimi qoyulub. Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi müna­sibətilə keçirilən andiçmə mərasimində bununla bağlı deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralarda­yıq, artıq işlərə start verildi. Bizim plan­larımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni ener­ji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq im­zalanmış kontraktlar əsasında olacaq­dır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcm­də təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsin­də də bu barədə ətraflı bəhs edib. Döv­lətimizin başçısı müxbirin  Cari il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, həqiqətən, Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yön­ləndirdiyini göstərir” fikrinə münasibət bil­dirərək deyib: “Düşünürəm ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıra­larda olmalıdır. Biz bunu ənənəvi ehtiyat­larımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpa­olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anla­yış yaratmaq istəyirik. Ümumiyyətlə, Azərbaycan bərpaolu­nan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə po­tensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir. Bu məqamda onu da deyək ki, Azər­baycanda hasil olunan “yaşıl enerji”nin əsas satış bazarı Avropadır və artıq bər­paolunan enerji mənbələrindən enerji tə­darükünün reallaşdırılmasına hazırlaşılır. 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün gerçəkləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişinin imza­lanması da bunun bariz ifadəsidir. Xatır­ladaq ki, əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqa­vatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olu­nan “yaşıl elektrik” enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropa­nın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulur. Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz” enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button