“Məlum olduğu kimi, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıb. Bu nəticə ilə ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirmiş idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edib, bayrağımızı ucaldıb və xalqımızı sevindirib”.
Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, idmançılarımızın əldə etdiyi nailiyyətə əsasən Azərbaycan 57 müsəlman ölkəsi arasında 3-cü yerdə qərarlaşıb. Bu da bir daha Azərbaycanda idmana olan diqqət və qayğının, bu sahədə həyata keçirilən siyasətin səmərəliliyinin nəticəsidir.: “Şübhəsiz ki, Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarındakı nəticələri bir daha şanlı Qələbənin və tarixi Zəfərin qürurlu təntənəsidir. Çünki Azərbaycan idmançıları da bilirlər ki, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən və tarixi Zəfərdən sonra ölkəni, xalqı təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir. İdmançılarımız, eyni zamanda, anlayırlar ki, düşmənlərimizi və onların havadarlarını döyüş meydanında məğlub etmiş Ordumuzun zabit və əsgərlərinin davamçıları kimi idman arenasına yalnız qələbə və zəfər üçün çıxırlar. Eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin idmana və idmançılara olan xüsusi münasibəti, diqqət və qayğısı beynəlxalq yarışlara qatılan təmsilçilərimizdə əlavə ruh yüksəkliyi yaradır. Odur ki, idmançılarımız yarışlarda zəfər ruhu, qələbə əzmi ilə çıxış edirlər. Onların da əldə etdikləri qələbə bütün Azərbaycan xalqını sevindirir, insanlarımıza qalib xalq, dövlətin vətəndaşı olmaq hissini yenidən yaşadır”.
“Prezident İlham Əliyevin idmançıları qəbul etməsi, onlarla səmimi söhbət aparması, hətta mükafatlandırılması haqqında sərəncamlar imzalaması bir daha dövlətimizin başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin idmançılarla görüşündə məsləhət və tövsiyələrini də verməsi onları yeni-yeni nailiyyətlərə, qələbələrə daha da həvəsləndirir.