Heydər Əliyev doğma dilimizin qurucusu
Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən, heç bir mübaliğəyə yol vermədən, qeyd etmək olar ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəridir. Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq milli dövlət, müstəqil siyasi dövlət, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 2500-dən artıq qanun və qərar qəbul etmişdir. Ulu öndərin müəllifi olduğu Əsas Qanunun başlıca dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin hüquqi əsaslarını yaratmış və onun inkişafına güclü təkan vermiş, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyən etmişdir. Vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı