
Azərbaycan xalqı müstəqillik uğrunda apardığı əzmli mübarizə ilə tarixə “dünyanın xalqı” kimi düşdü. Lakin xalqımızın ikinci böyük milli qürur tarixi heç şübhəsiz 27 sentyabrdır. 27 sentyabr müqəddəs şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz anım günüdür. Təqvimin bu günü müasir tariximizə zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi yazıldı. Şərəfli döyüş yolu tariximizin bütün dönəmlərində xalqımızın alın yazısı olmuşdur. Eyni zamanda bəşəri duyğulara və humanizm prinsiplərinə sadiqlik də bizim üçün bir həyat tərzi, yaşam fəlsəfəsidir və bu da artıq bütün dünyaya bəllidir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan illərlə bu problemin sülh yolu ilə həllinə çalışdı. Münaqişəsiz, diplomatik yolla ədaləti bərpa etmək üçün səbrlə, təmkinlə səylər göstərdi. Lakin artıq suyu qurumaqda olan gölə bənzəyən işğalçı ölkə bizim barış niyyətimizə yenidən silah gücü ilə cavab verdi, sərhədlərimiz boyu təxribatlar törətdi. Bu durumda isə Azərbaycan öz cavab haqqından istifadə etdi və ədalətin səsinə çevrilən bu cavab sarsıdıcı oldu! 27 sentyabr həm də and günüdür. Bu gün torpaqlarımızı azad etməyi öhdəsinə götürən ordumuz “Şərəfim şöhrətimdir!” şüarı ilə sədaqət andı içdi və canı-qanı bahasına bu müqəddəs amal uğrunda döyüşə atıldı. Bu, sıradan bir savaş deyildi, həm də milli mücadilə, milli mübarizə idi. Tarixin bu günü Azərbaycan “Dəmir yumruq”la bölgədə uzun müddət kök salan terrora və separatizmə sərt üzünü göstərdi. “Ohanyan səddi” ilə qürurlananlar unutmuşdular ki, haqlı işimizdə bütün sədlər qarşımızda cılız görünür və belə də oldu. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi düşmənin rüsvayçı, heç vaxt unudulmayacaq məğlubiyyəti ilə yekunlaşdı. Əsrin sonlarındakı kimi bizi məğlub edəcəklərini bildirənlər, hətta Bakını işğalla hədələyənlər, uzun müddət bizimlə düz oturub, əyri danışanlar sonda miskin bir durumda Bakıya gətirildilər. Prezident İlham Əliyevin siyasi və hərbi qətiyyəti sayəsində düşmən bütün cəbhələrdə ağır məğlubiyyətə uğradı və tarixinin ən acı dərsini aldı.
Hər daşı yastığımız, hər qarış torpağı varlığımızın nişanəsi olan əziz yurdumuz Azərbaycan qalib gəldi. Düşmən qəhrəman övladlarımızın sarsılmaz iradəsi və gücü qarşısında yıxıldı.
Dünya addım səsləri möhtəşəm olan, düşmənə boyun əyməyən, yaralı halda belə al qan içində qürur və qəhrəmanlıqla Vətənin müdafiəsinə qalxan Azərbaycan əsgərinin nə qədər məğrur, nə qədər yenilməz olduğunu gördü. Planetin insanları torpağa sədaqətin, millətə bağlılığın və Vətəni qorumağın əsl mənasını Azərbaycan xalqından öyrəndi.
Biz bu şanlı savaşdan sonra dövlət və xalq olaraq ucalıq zirvəsindəyik. Ölkəmizin bütün milli problemləri öz həllini tapıb. Alnıaçıq, üzüağ yaşamaq bizim haqqımız idi və bu haqqı qazandıq. Ali Baş Komandan bizə o ucalığı yaşatdı. O ucalıqda xoşbəxt, bütöv və gülümsəyən Vətən görünür. Vətəni bizə bütöv edən hər kəsin qarşısında dərin şükranlıqla, sonsuz qədirbilənliklə baş əyirik!
Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi