Analitika

Görkəmli oftalmoloq alim Zərifə Əliyeva Azərbaycan xalqının xatirəsində həmişə ən uca mövqedə yer alacaqdır

Bu gün ulu öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevanın anım günüdür. Azərbaycan qadınının ən möhtəşəm mücəssimələrindən olan Zərifə xanım Əliyeva həm qayğıkeş ana, həm güclü qadın, həm də dövrünün ən savadlı, diqqətəlayiq həkimlərindən idi. O, gələcək taleyini tibb elminə həsr etməyi, insanlara kömək etməyi, onların dərdinə şəfa olmağı özünə məqsəd qoymuşdu.

Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların həyata keçirilməsində böyük əmək sərf etmişdir. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.

Zərifə xanım Əliyeva  Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır. Bütün bu statuslardan əlavə olaraq o, Azərbaycanın ən savadlı, ən görkəmli qadınlarındandır. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Bu itki nəinki Azərbaycan xalqı üçün, həmçinin, səhiyyə sahəsi üçün, tibb elmi üçün ağır idi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button