Gəl,Bahar qoxulu, yaz ətirli Novruzum
Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl dörd həftə çərşənbələr qeyd olunur. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyməliydir, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar. Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirnilər bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir. Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır. Azərbaycan ədəbiyyatının ölməz siması sayılan Mikayıl Müşfiq bir zaman yazırdı: “Bu yaz başqa bir yazdır..” Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu Novruz Şuşada, Laçında, Kəlbəcərdə,Xankəndidə,Xocalıda,Xocavənddə və işgaldan azad edilmiş bütün torpaqlarda, bütöv Azərbaycanda qalanan tonqal, bu torpaqlarda gələcək üçün tutulan arzu, dilək deməkdir. Necə də xoşdur min illik adəti, Baharın gəlişini babalardan bizə yadigar qalan Azərbaycan torpağının Qarabağ adlı guşəsində qeyd etmək!Hər qarışı, daşı, torpağı, çayı, meşəsi yadırğayıb bu kəlməyə, Novruz tonqalının hərarətinə. Bu müqəddəs bayramımıza sayılı günlər qaldıqca sanki igidlərin qanı ilə suvarılan Murovdağın yamacları elə bu gün gülə, çiçəyə qərq olmaq istəyir. Qarabağ düzləri, meşələri, “Gəl, Bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar deyil, doğma Azərbaycan dilində aşıq şeirləri, şən-şaqraq musiqilər, nəğmələr dilə gəlsin”- deyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq 4-cü ildir ki, Azərbaycan xalqına Novruz təbriklərini doğma Qarabağ diyarından deyir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən Ali Baş Komandan, Prezident İlham Əliyevi,qazilərimizi,qəhrəman Azərbaycan hərbçilərini Allah qorusun. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.
Həmidə Ələfsərova,
YAP-ın fəalı