AnalitikaGündəmSiyasət

Enerji Təhlükəsizliyindən Zəfərə: “8 Noyabr” Stansiyasının Tarixi Əhəmiyyətidir

Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı ölkənin enerji siyasətində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. 1880 meqavat gücə malik olan bu stansiya Azərbaycanın indiyədək istifadəyə verilmiş ən böyük elektrik stansiyası olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq və regional liderlik baxımından strateji əhəmiyyət daşıyır.

Prezident çıxışında bu mühüm layihənin qısa müddətdə – cəmi iki ilə başa çatmasını Azərbaycanın inkişaf imkanlarının, energetiklərimizin peşəkarlığının və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığın nəticəsi kimi qiymətləndirdi. O, xüsusilə İtaliya və Çin şirkətlərinin bu layihədə oynadığı rolu qeyd edərək, həmin ölkələrlə strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələrdə, xüsusilə energetika və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndiyini vurğuladı. Prezident Mingəçevirin enerji mərkəzi kimi tarixi roluna da toxunaraq, Ulu Öndər Heydər Əliyevin 1974-cü ildə əsasını qoyduğu “Azərbaycan” İstilik Elektrik Stansiyasının həmin dövrdə Qafqazın ən önəmli enerji mərkəzlərindən birinə çevrildiyini xatırlatdı. Müstəqilliyin ilk illərində yaşanan enerji qıtlığı, Ulu Öndərin irsi olan bu stansiyanın sayəsində müəyyən qədər aradan qaldırılsa da, enerji sisteminin yenidən qurulması son 20 ildə əsas prioritetlərdən birinə çevrilmişdir. Mingəçevirdə baş vermiş qəza və onun nəticələri, eləcə də 2018-ci ildən başlayan yenidənqurma işləri bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissəsidir. Hazırda yalnız Mingəçevirdə ölkənin elektrik enerjisinin 40 faizindən çoxu istehsal olunur ki, bu da şəhərin Azərbaycan və Cənubi Qafqaz üçün nə qədər önəmli enerji mərkəzinə çevrildiyini sübut edir. Yeni stansiyanın istifadəyə verilməsi isə enerji sisteminin səmərəliliyini artırmaqla yanaşı, şərti yanacaq sərfiyyatını da əhəmiyyətli dərəcədə azaldacaq və beləliklə, daxildə qənaət edilən təbii qazın ixracı üçün geniş imkanlar yaradacaq.

Prezident çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu da qeyd edərək, hazırda 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə təbii qaz ixrac etdiyini bildirdi. Bu göstərici Azərbaycanın qlobal enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir. Eyni zamanda, 2030-cu ilə qədər həyata keçiriləcək yaşıl enerji layihələri hesabına ölkənin generasiya gücünün 6500 meqavatlıq əlavə artımı nəzərdə tutulur ki, bu da bərpaolunan enerjinin inkişafı baxımından böyük nailiyyətdir. Prezident İlham Əliyev energetikanı milli təhlükəsizlik məsələsi kimi dəyərləndirərək, İkinci Qarabağ müharibəsi zamanı Mingəçevirə edilən raket hücumlarını xatırlatdı və Ermənistanın enerji infrastrukturunu hədəf almasını hərbi cinayət adlandırdı. Bununla yanaşı, o qeyd etdi ki, Azərbaycanın bu gün regionda sabitlik, tərəqqi və inkişaf məkanı kimi tanınması məhz düşünülmüş siyasətin və qətiyyətli addımların nəticəsidir. Stansiyaya “8 Noyabr” adının verilməsi də xüsusi simvolik mənaya malikdir. Bu, yalnız bir obyektin adı deyil, həm də Azərbaycanın şanlı Zəfərinin, dövlət gücünün və xalq iradəsinin təcəssümüdür.

Prezidentin sözləri ilə desək, “Zəfər xalqımıza, dövlətimizə yaraşır” və bu stansiyanın uzunömürlü, uğurlu fəaliyyəti ölkəmizin iqtisadi və strateji üstünlüklərini daha da gücləndirəcək.

Sahil Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button