Ələt limanı dünyanın ən böyük dəniz limanlarından birinə çevrilir

Yaşadığımız XXI əsr sürət əsridir. Bir sözlə, indiki zamanda çox şeyin dəyəri sürətlə ölçülür. İnternetin, avtomobilin, qatarın, gəminin, təyyarənin sürətlisi daha qiymətlidir. Bu faktor dünya ticarət əlaqələrində də xüsusi əhəmiyyətə çevrilib. Hazırda dünya ticarətinin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Əvvəllər bu, yük göndərən və yük qəbul edən tərəfləri qane edirdi. İndiki sürət əsrində hər iki tərəf ticarət əlaqələrinin tez bir zamanda icra olunmasında maraqlıdır. Bu üzdən dünyanın nəhəng istehsalçıları ilə idxalçıları alternativ yolların axtarışına çıxıb. Rusiya Çin və Şərqi Asiya ölkələrinə Trans-Sibir dəmir yolundan istifadəni təklif edirdi. Bununla yanaşı, ikinci Trans-Sibir dəmir yolunun tikilməsi təşəbbüsünü də irəli sürmüşdü. Həmçinin bu ölkələrin yüklərinin Avropaya və geriyə daşınması üçün Şimal Buzlu okean marşrutunu da təklif edirdi. Rusiya bunu ilin bütün fəsillərində yüklərin daşınmasına imkan yaradan güclü buzqıran donanmasının olması ilə əlaqələndirirdi. Rusiya-Ukrayna müharibəsi şimal qonşumuzun bütün istəklərinə son qoydu. Qərb-Rusiya qarşıdurmasının illərlə çəkəcəyi fikri həm Qərb, həm də Rusiya siyasətçiləri tərəfindən açıq şəkildə söylənilir. Üstəlik, məlum sanksiyalar üzündən ciddi fikir ayrılıqlarına malik olan tərəflərin yenidən iqtisadi münasibətləri və nəqliyyat əlaqələrini nə vaxt bərpa edəcəyi bilinmir. Qeyd etdiyimiz faktorla bağlı dünya Trans-Xəzər marşrutunu ən məqbul variant sayır. Bu nəqliyyat dəhlizi yüklərin tez, təhlükəsiz və sərfəli tariflərlə daşınmasına imkan yaratdığı üçün bütün tərəflərə sərfəlidir. Üstəlik, bu marşrut texniki parametrlərə görə də etibarlıdır. Yəni Trans-Xəzər nəqliyyat dəhlizi mükəmməl texniki bazaya malikdir. Trans-Xəzər marşrutunun ticarət tərəfdaşları üçün cəlbedici amillər güclü dəniz donanması və Ələt Beynəlxalq Ticarət Limanıdır. Belə ki, bu limanın illik yükötürmə qabiliyyəti 25 milyon tondur. Liman vasitəsilə həmçinin ildə 1 milyon konteyner qəbul edib yola salmaq mümkündür. Artıq qətiyyətlə söyləmək olar ki, Ələt Beynəlxalq Ticarət Limanı dünyanın ən böyük ticarət limanlarından biridir. Elə buna görə son dövrlər bu limana təkcə Şərq ölkələri deyil, Avropa İttifaqı da böyük maraq göstərir. Sentyabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında mandat məktubu imzalanıb. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyi donanmasının yenilənməsi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulub. Bu, AYİB-nin ilk belə təşəbbüsü deyil. Belə ki, cari il mayın 27-də AYİB-nin Avrasiyada infrastruktur üzrə rəhbəri xanım Yelena Qordeyeva yeni tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı limanına səfər edib. Səfər zamanı mövcud nəqliyyat dəhlizlərinin daha rəqabətədavamlı, yaxşı idarə olunan, yaşıl, inklüziv, dayanıqlı və inteqrasiyalı olmasına dəstək məqsədilə yeni layihələrə başlamaq və yeni əməkdaşlıq sahələrinin yaradılmasına dair strateji fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı limanının yükdaşıma qabiliyyətinin artırılması, yeni yaşıl liman qurğularının tikintisi, o cümlədən limanda birbaşa bərpaolunan enerji mənbələrinin formalaşdırılması regional dayanıqlı iqtisadiyyatın inkişafına töhfə verəcək. Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Limanın əməkdaşları Kanadanın Vankuver şəhərində keçirilən Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasının Dünya Limanları konfransında iştirak etmişlər. Limanın baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin qlobal dəniz limanı sahəsində rəqabət qabiliyyətinin artırılması və dünyanın əsas liman regionlarının performansının yüksəldilməsi məqsədilə boşluqları bağlamaq (Close the Gaps) mövzusunda təşkil olunan, 400-dən çox aparıcı liman və tərəfdaşları yeni formatda bir araya gətirən IAPH 2022 tədbirinə qatılmışdır. Bundan əlavə, Bakı limanı sözügedən konfransın Vankuver Konqres Mərkəzində keçirilən “Yaşıl gəmiçilik dəhlizlərinin əlaqələndirilmiş və davamlı şəbəkəsini necə inkişaf etdirməli” adlı sessiyasına sponsorluq etmişdir. Sessiyada ekspertlər və tanınmış liman rəhbərləri Yaşıl Nəqliyyat Dəhlizləri şəbəkəsinin necə formalaşacağı və hansı meyarların dənizdə karbon emissiyalarının azaldılmasına davamlı təsir edəcəyi barədə fikirlərini bölüşmüşlər. Xatırladaq ki, bu nəqliyyat dəhlizi ilə yüklərin daşınma müddətini 12 gündən 10 günə endirmək mümkündür. Bu fikri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Ankarada keçirilən ” Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin ümumi yığıncağının növbəti toplantısında vurğulayıb. Bu, hazırda marşrutun cəlbediciliyini artırmaq üçün onun keçdiyi ölkələr tərəfindən hədəf kimi qarşıya qoyulub. Onu da qeyd edək ki, Ələt Beynəlxalq Ticarət Limanı qarşıya qoyulan məqsədə çatmaqda önəmli rol oynayır.
Əyyub Əliyev,
YAP-ın gənc fəalı