Əbədi olan tariximiz – Zəfər günümüz
Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olundu.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi- texniki, mənəvi- psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızın uzun illər davam edən məğlubiyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm Zəfəri təkcə bizim ölkəmizin deyil, həm də bütün Cənubi Qafqaz bölgəsinin əmin- amanlığı və inkişafı üçün yeni imkanlar yaratmışdır. Uğurla davam etdirilmiş hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir.
2020-ci il noyabrın 20- də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi. Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10- nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixini dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə Zəfər Günü hər il noyabrın 8- də təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-il 3 dekabr tarixli digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Nəsirova Ofelya,
KBTRL- nin tarix müəlliməsi