Düşmən unutmamalıdır ki, dəmir yumruq yerindədir
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq.Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.Bəli, sözü imzası qədər güclü olan lider, Ali Baş Komandan Prezident İlham Əliyev 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün “Güclü ordu – güclü dövlət” strategiyasının və “dəmir yumruq” siyasətinin nəticəsində bu qələbə qazanıldı. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 20 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının “dəmir yumruğu” düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi.
Aynur Həsənova,
YAP-ın gənc fəalı