Taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılmış soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu öndər tərəfindən 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
22 aprel 2022-ci ildə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib. Bəli, 2020-ci ildə 44 günlük Vətən müharibəsində igid oğullarımız Şuşanı erməni işğalından azad edərək şanlı tariximizə, eləcə də hərb tarixinə qələbə dastanı yazdılar. İndi azad Şuşada belə bir qurultayın keçirilməsi böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi xəbərdarlıqdır. Dünyanın hər yerindən buraya toplaşmış nümayəndələr Azərbaycan xalqının soykökünə, tarixinə və azadlıq eşqinə bağlılıqlarını bir daha ifadə etdi. Hamımıza yaxşı məlumdur ki, “Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ümummilli Lider ulu öndər Heydər Əliyevdir. Onun 30 il bundan əvvəl söylədiyi fikirlər bu gün reallığa çevrilir. O, deyirdi ki, “biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq”. Dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, Ulu Öndər Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirildiyini göstərir.
Müdrikliklə müəyyən edilən dövlət siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilmiş, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsinə nail olunmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Xalidə Həsənova,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin müəllimi