
Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Victorytime.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir:
“Hazırda tabeli tibb müəssisələrində 45 hemodializ şöbəsi fəaliyyət göstərir və 247-si Bakı şəhərində, 431-i regionlarda olmaqla ümumilikdə 678 çarpayı fondu mövcuddur.
Sağlamlıq vəziyyətləri, xəstəliyin ağırlıq dərəcələri və müayinə göstəriciləri nəzərə alınmaqla bu şöbələrdə həftədə 1, 2 və 3 dəfə olmaqla vətəndaşlar hemodializ müalicəsinə cəlb edilir. Ümumilikdə tabeli tibb müəssisələrində 4200-ə yaxın şəxs dövlət hesabına ödənişsiz olaraq hemodializlə təmin olunur”.



